Türkiyə ilə Azərbaycanın birlikdə atdığı addımlar dünyanın diqqət mərkəzindədir – TƏHLİL

Siyasət

“Hazırkı proseslər fonunda Azərbaycana diqqət artmaqdadır. Antalya Diplomatiya Forumunun əsas müzakirə mövzularından biri də Rusiya-Ukrayna müharibəsinin fəsadlarının aradan qaldırılması olub. Türkiyə ilə Azərbaycanın birlikdə atdığı addımlar dünyanın diqqət mərkəzindədir”.

Mövzu ilə bağlı Kaspi qəzetinin məqaləsini təqdim edirik.

Azərbaycanın balanslı xarici siyasəti, dünya dövlətləri ilə bərabərhüquqlu və qarşılıqlı maraqlara söykənən əlaqələr qurması ölkəmizi beynəlxalq birliyin layiqli üzvünə çevirib. Cənubi Qafqazın lider dövləti, regionun sabitlik adası olan Azərbaycan sadəcə yerləşdiyi coğrafi bölgənin deyil, hətta qoca qitənin təhlükəsizliyinə müsbət təsir edəcək təşəbbüslərlə çıxış edir.

Ölkəmiz Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır. İkiqütblü dünyanın böyük dövlətlərini, hərbi təşkilatlarını təmsil edən liderlər, hərbçilər dialoq məkanı kimi məhz Azərbaycanı seçirlər. Ölkəmiz özünün və regionun təhlükəsizliyini möhkəmləndirmək üçün NATO üzvü olan Türkiyə ilə hərbi-siyasi, KTMT-nin əsas siması sayılan Rusiya ilə müttəfiqlik bəyanatları imzalayıb. 44 günlük Vətən Müharibəsində əldə etdiyi möhtəşəm qələbə ilə beynəlxalq nüfuzu yüksələn Azərbaycanın Rusiya-Ukrayna müharibəsi fonunda dünya üçün əhəmiyyəti bir qədər də artıb. Xüsusən Avropa İttifaqı ölkəmizə xüsusi diqqət ayırmağa başlayıb. Hazırda bu İttifaqa sədrlik edən Fransanın Prezidenti Emmanuel Makron Rusiya-Ukrayna müharibəsi başlayandan sonra dövlət başçısı İlham Əliyevə zəng edib, ardınca məktub göndərib, Avropanın əsas dövlətlərindən olan İtaliyanın hökumət rəhbəri telefon əlaqəsi yaradıb. Eyni zamanda Türkiyə, Rusiya və Ukrayna prezidentləri də Azərbaycan lideri ilə telefonla danışıb, müzakirələr aparıblar. Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlunun bu günlərdə Bakıya səfərinin ardınca Prezident İlham Əliyev Türkiyəyə səfər edib, orada həmkarı Rəcəb Tayyib Ərdoğanla məsləhətləşmələr aparıb.

Qısa zaman kəsiyində baş verən hərəkətlilik Azərbaycanın dünya və region üçün əhəmiyyətli bir dövlətə çevrildiyini nümayiş etdirib. Mövzu ilə bağlı fikirlərini “Kaspi” qəzetinə bölüşən Sosial Tədqiqatlar Mərkəzinin baş məsləhətçisi, politoloq İlyas Hüseynov bildirib ki, Rusiyanın Ukraynaya müdaxiləsindən sonra Azərbaycanın həm regional, həm də qlobal miqyasda əhəmiyyəti artıb. Onun sözlərinə görə, Türkiyə ilə Azərbaycanın birlikdə atdığı addımlar dünyanın diqqət mərkəzindədir:

“Rusiya-Ukrayna müharibəsindən öncə NATO-nun baş katibi də Azərbaycan Prezidenti ilə telefon əlaqəsi saxlamışdı. Belə əlaqələr fonunda Azərbaycan Rusiya ilə qarşılıqlı fəaliyyət haqqında müttəfiqlik bəyanatı imzalayıb. Onu da nəzərə alaq ki, Azərbaycan Avropa İttifaqının üzvü olan 9 dövlətlə strateji tərəfdaşlıq haqqında saziş imzalayıb. Avropa İttifaqı karbohidrogen ehtiyatlarının etibarlı və sabit şəkildə nəqlində maraqlıdır. Bu baxımdan Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması istiqamətində ötən ilin dekabrında Brüsseldə Avropa İttifaqının prezidenti Şarl Mişellə görüş keçirilib. Eyni zamanda cari ilin fevral ayında Şarl Mişel, Fransa prezidenti Emmanuel Makron, Ermənistanın baş naziri Nikol Paşinyan və Prezident İlham Əliyev arasında videoformatda dördtərəfli görüş keçirilib. Hazırkı proseslər fonunda Azərbaycana diqqət artmaqdadır. Bu günlərdə keçirilən Antalya Diplomatiya Forumunun əsas müzakirə mövzusu beynəlxalq hüququn fundamental norma və prinsiplərinin bərqərar olunması, Rusiya-Ukrayna müharibəsinin fəsadlarının aradan qaldırılması olub. Bu önəmli platformada Azərbaycan da iştirak edib. Türkiyə ilə Azərbaycanın birlikdə atdığı addımlar dünyanın diqqət mərkəzindədir. Hətta Rusiya ilə Ukrayna arasında baş tutan sülh danışıqlarının keçirilməsi üçün sadalanan neytral şəhərlər arasında Bakı var idi. Həm Türkiyə, həm də Azərbaycan yaranmış böhranı aradan qaldırmaq üçün vasitəçi qismində çıxış edib”.

Politoloq söyləyib ki, Azərbaycanın regional və qlobal miqyasda artan nüfuzu Vətən Müharibəsində qazandığı möhtəşəm qələbə ilə sıx bağlıdır:

“Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin şəxsi nüfuzu, müdrik diplomat, bacarıqlı lider kimi hörməti dünyada Azərbaycana olan marağı bir qədər də artırır. Prezident İlham Əliyev yenilənən dünya, dəyişən geosiyasi reallıqlar fonunda Azərbaycanı yeni uğurlara aparır. Region dövlətləri ilə bərabərhüquqlu, etibarlı, qarşılıqlı maraqlara, sabitliyə, iqtisadi tərəqqiyə xidmət edən əlaqələrin qurulması Azərbaycan ətrafında çox güclü təhlükəsizlik kəməri yaradıb. Bu təhlükəsizlik amili indiki durumda ölkəmizin gücünü, nüfuzunu artırmağa xidmət edir. Azərbaycanın gələcəkdə müasir beynəlxalq münasibətlər sistemi, dünyanın siyasi nizamı, Avropanın təhlükəsizlik arxitekturası və digər fundamental məsələlərlə bağlı öz mövqeyi var. Cənubi Qafqazda güclü siyasi, iqtisadi, hərbi dayaqlara əsaslanan ölkəmizin uğurları hər kəsi maraqlandırır. Rusiyanın məhz ərazi bütövlüyü, suverenlik, sərhədlərin toxunulmazlığı, daxili işlərə qarışmamaq çərçivəsində Azərbaycana olan münasibəti dəfələrlə vurğulanıb. Moskva bəyannaməsinin birinci bəndində də bu məqam əks olunub. Bunlar Azərbaycanın qırmızı cizgiləridir. Ölkəmizin bu mövqedən çıxış etməsi, Cənubi Qafqazda təhlükəsizliyin qorunmasına töhfə verməsi, terrorizmə qarşı beynəlxalq koalisiyada yer alması, transmilli cinayətkarlığın qarşısının preventiv üsullarla alınmasında mühüm rol oynaması və digər önəmli məqamlar Azərbaycanın dünya miqyasında geosiyasi aktor kimi uğurlarını artırır”.

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir