Soyuq havada tikintidə işləyən fəhlələrin hüquqları qorunmur? – AÇIQLAMA + FOTO

Cəmiyyət

Mart ayı olsa da, hava sanki yanvarı xatırladır. Yağış, sulu qar, hətta bəzi ərazilərdə qar yağır. Belə havalarda ən çətin hallardan biri də açıq hava şəraitində işləməkdir.

Açıq hava deyəndə yada düşən isə qar, yağış demədən tikintidə günəmuzd çalışan fəhlələrdir. Sosial şəbəkədə tikintidə işləyən işçilərin çətin şəraitdə işlədiyini göstərən foto paylaşılıb. Foto çoxsaylı istifadəçilərin müzakirəsinə səbəb olub.

Təbii ki, bu, paytaxtdakı tikintilərdən yalnız biridir. İddia edilir ki, 20-ci mərtəbədə işləyən işçilər soyuqda isinmək üçün tonqal qalayıblar. Hər 10 dəqiqədən bir gəlib bir az isinib, sonra yenə damdakı işlərinin dalınca gedirlər. Ola bilər özləri işləməyi seçiblər, günəmuzddurlar. Bunu da dəqiq bilmirik. Amma bu cür havada yüksək mərtəbəli tikintilərdə çalışmaq doğrudurmu?

Ümumiyyətlə, işçilər bu kimi havada işləməyə məcbur edilərsə, sahibkarları qanunvericiliklə hansı məsuliyyət gözləyir?

Bir qrup insan bu havalarda günün pulunu tam ödəyib işçilərin evə buraxılmasının tərəfdarıdır. Ya da başqa hansısa alternativ yolların tapılması tövsiyə edilir.

Bəs görəsən, bu cür və daha soyuq hava şəraitində işçilərin iş rejimi, təhlükəsizliyi hansı şəkildə təmin edilməlidir? İş saatlarının azaldılması mümkündürmü? Könüllülük prinsipi ilə bu havada işləmək olarmı? 

Məsələ ilə bağlı 102info.az-ın sorğusuna cavab olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətindən bildirilib ki, soyuq və isti hava şəraitində fasilələrin verilməsi və işin dayandırılması Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 233-cü maddəsi ilə tənzimlənir. 

Həmin maddənin tələblərinə əsasən, işçilər aşağı temperatur və şiddətli külək şəraitində açıq havada, habelə ilin soyuq vaxtlarında qızdırılmayan qapalı binalarda işləyərkən onlara qızınmaq üçün fasilələr verilir və ya iş dayandırılır. İşçilərə fasilələr verilməsi və işin dayandırılması üçün əsas hesab edilən havanın temperaturu Əmək Məcəlləsinin 2-ci əlavəsində öz əksini tapıb.

Belə ki, ilin soyuq vaxtında örtülü, lakin isidilməyən binalarda temperatur selsi ilə müsbət 14 dərəcədən aşağı olduqda, işçilərə fasilələr verilir və ya iş dayandırılır. İşlərin dayandırılması və isinmək üçün fasilələr verilməsi, habelə bu fasilələrin sayının və müddətinin müəyyən edilməsi işəgötürənlə həmkarlar ittifaqları təşkilatının birgə qərarı ilə həyata keçirilir.

Fasilələr iş vaxtına daxil edilir və bu fasilələr zamanı əmək haqqı işçilərin tarif maaşına görə ödənilir. İş dayandırıldıqda, boşdayanma vaxtının haqqı işçinin təqsiri üzündən baş verməyən boşdayanma kimi, tarif maaşının üçdə iki hissəsindən az olmayaraq ödənilir.

Əməyin mühafizəsi qaydalarının pozulmasına görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 198-ci maddəsində 500 (beş yüz) manatdan 1000 (min) manatadək məbləğdə cərimə nəzərdə tutulub.

Könül Cəfərli

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir