Rusiya – Ukrayna münaqişəsi Azərbaycanda şəkərin qiymətini qaldıracaqmı? – ARAŞDIRMA

Cəmiyyət

Azərbaycan 2021-ci ildə xarici ölkələrdən 18 min 036 ton şəkər idxal edib ki, bunun əsas hissəsi Türkiyənin (8 min 059 ton), Rusiyanın (5 min 220 ton) və Ukraynanın (4 min 012 ton) payına düşür.

Bu ilin yanvar ayında isə ölkəyə adıçəkilən dövlətlərdən 206,4 ton şəkər gətirilib. Keçən ilin yanvar ayının göstəriciləri ilə müqayisədə Türkiyədən tədarük 90,4 % və ya 9,44 ton, Rusiyadan – 99,8 % və ya 412 ton, Ukraynadan – 80 % və ya 745 ton azalıb.

Nəzərə alsaq ki, Rusiya və Ukrayna Azərbaycanın ən böyük şəkər idxalçıları sırasına daxildir, “102info.az” o iki ölkə arasında davam edən müharibənin Azərbaycanın şəkər təminatına nə dərəcədə təsir göstərəcəyini araşdırıb.

Naxçıvan Muxtar Respublikasının keçmiş kənd təsərrüfatı naziri Rəcəb Orucov bildirib ki, Azərbaycanın İmişli Şəkər Zavodunun (Azərsun Holdinqə daxildi) timsalında özünü şəkərlə tam təmin etmək gücü var:

“Ölkəmizin istehlak tələbi təxminən 250-300 min tondur. Lakin bunu yerli xammal hesabına təmin edə bilmirik. Bildiyiniz kimi, şəkər iki məhsuldan alınır: şəkər çuğunduru və şəkər qamışı. Şəkər qamışı bizə tropik ölkələrdən xam şəkər halında idxal olunur, buda İmişli Şəkər Zavodunda bütün tələblərə cavab verən şəkər tozu halına gətirilir və istehlak bazarına çıxarılır. Bundan başqa, biz istehsal etdiyimiz şəkər tozunu Gürcüstan və başqa MDB ölkələrinə ixrac edirik”.

R. Orucov yarana biləcək mümkün problemlərə də toxunub:

“Təbii ki, istər Ukrayna, istərsə də Rusiyadan ölkəmizə dövri olaraq şəkərlə bağlı partiyalar idxal olunsa da, buna elə bir yüksək tələbatımız yoxdur. Qeyd etdiyim kimi, yerli istehsal tələbimizi ödəyir. Ona görə də müharibə ilə bağlı təminatımızda bir problem ola biləcəyini düşünmürəm. Təbii ki, logistika ilə bağlı problemlər qaçılmazdır. Belə ki, ölkəmizə gətirilən xam şəkərin logistika yolu məhz münaqişə zonasından keçə bilər”.

Xatırladaq ki, “Azərsun Holdinq” MMC-nin Müşahidə Şurasının sədri Abdolbari Gözəl də bir müddət öncə əhalinin şəkər təminatı ilə bağlı narahatlığına səbəb olmadığını qeyd etmişdi:

“Heç bir nigarançılığa yer yoxdur. Ehtiyat anbarlarımız, imkanlarımız var. Bizdə elə böyük yüksəliş, elə böyük qiymət artımları gözlənilmir. Dünya bazarına görə, 3-5 % artım ola bilər. Amma anbarlarımızda ehtiyatlarımızın olması imkan vermir ki, hər partiya fərqli qiymətə olsun. Biz ehtiyat məhsullarımızla satışdakı məhsulları qarşılaşdırırıq və burada da Azərbaycan xalqı qazanır. Məhz apardığımız balanslaşdırma nəticəsində insanlar birdən-birə şokla qarşı-qarşıya qalmır. Bu baxımdan dövlətimizə də yardım etmiş oluruq”.

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir