Rus rublunun aqibəti necə olacaq?

Dünya

Rusiyanın Ukraynaya qarşı başlatdığı müharibəyə cavab olaraq ABŞ və Qərb ölkələri ona qarşı bir sıra məhdudiyyətlər tətbiq etdi. Rusiya əvvəllər də sanksiyalarla qarşılaşıb. Lakin bu dəfə onun iqtisadiyyatı müasir tarixdə analoqu olmayan çoxsaylı məhdudiyyətlərlə üzləşdi. Bunların milli iqtisadiyyata təsirləri sektorlardan asılı olaraq müxtəlif zaman kəsiyində özünü göstərir.

“102info.az” xəbər verir ki, hazırda proseslər baçlanğıc mərhələdədir və gözlənildiyi kimi, ilk zərbəni milli valyuta aldı. Rusiya iqtisadiyyatı indi devalvasiya şokunu yaşayır. Bu gün bütün iqtisadiyyata təsir edən məhz rublun dəyərsizləşməsidir. Hökumət artıq inzibati qadağa alətlərini işə salaraq preventiv tədbirlər həyata keçirməyə başlayıb. Belə ki, əhaliyə valyuta əmanətlərindən 10 min ABŞ dollarından artıq vəsait çəkmək qadağan edilib. Eyni zamanda fiziki şəxslər və fərdi sahibkarlar yalnız xarici ezamiyyət xərclərini ödəmək üçün nağd şəkildə 5 min ABŞ dolları ala biləcəklər. İxracdan qazanılan valyutanın 80 %-i isə məcburi qaydada satılmalıdır.

Rusiya Bankı və hökumətin milli valyutanı dəstəkləmək yönündə həyata keçirdiyi tədbirlərə baxmayaraq, rubl dəyərdən düşməyə davam edir. Belə ki, ABŞ dollarının məzənnəsi rubl qarşısında artıq 60 % möhkəmlənib. Avro ilə bağlı da analoji tendensiya müşahidə edilir. Rubl hətta qrivnaya qarşı da dəyər itirir. Rusiyanın başlatdığı “xüsusi əməliyyat”a qədər 1 qrivnaya 2,7 rubl verilirdisə, indi 4 rubl verilir.

Rublun kəskin ucuzlaşması idxalın bahalaşmasına gətirib çıxarıb. Rusiya xammaldan başqa hər şeyi idxal edir. Onun iqtisadiyyatının aparıcı sektorlarında buraxılan məhsulun 30-70 %-i xaricdən tədarükdən asılıdır. İdxaldan asılılıq ən çox kompüter və elektronika, maşın, mexanizm və nəqliyyat vasitələri istehsalında müşahidə edilir. Kimya sənayesində idxaldan asılılıq 40 %, qida sənayesində – 30 %-dir. Həmin sahələrin mütləq əksəriyyəti sanksiyaların əhatə dairəsindədir.

Bütün bunlar özünü məhsulların qiymətində göstərir. Belə ki, cəmi bir həftəyə (26 fevral – 4 mart arası) pomidorun qiyməti 7,67 % (əvvəlki həftə ərzində 2,76 %), bananın – 7,2 % (2,8 %), televizorların – 14,97 % (4,08 %), elektrik tozsoranların – 14,56 % (4,12 %), smartfonların – 9,64 % (3,82 %), milli avtomobillərin (yeni) – 17,09 % (0,01 %), xarici avtomobillərin (yeni) – 15,2 % (0,15 %) artıb.

Bütün bunlar sanksiyaların yalnız ilk həftəsində müşahidə edilib. Belə ki, hələ də bir sıra məhsullar üzrə müəyyən ehtiyat mövcuddur, o cümlədən yerli analoqu olan məhsulların istehsalı üçün lazım olan komponentlər üzrə. Lakin həmin ehtiyatlar tükənəndən sonra vəziyyət daha xaotik xarakter alacaq. Bununla yanaşı, ikinci rübdə yüksək istehlak tələbinin olacağı gözlənilir. Belə ki, əvvəla, insanlar bu gün piştaxtalardakı məhsulları yaxın illərdə sonuncu dəfə gördüklərini anlayırlar. Digər tərəfdən isə əllərində milli valyutada olan sərbəst vəsaitləri dollara və ya digər valyutalara yatıra bilmədiklərinə görə onlar daha da dəyərdən düşməsin deyə tez bir zamanda maddi nemətlərə çevirməyə çalışacaqlar. Məhdud təklif fonundakı ajiotajlı təklif inflyasiyanı daha da sürətləndirəcək.

İllik inflyasiya fevralda 9,15 % olub ki, bu da 2016-cı ilin yanvarından bu yana ən yüksək göstəricidir. Empirik çıxarılan ekonometrik nisbətə görə, dolların hər 10 % möhkəmlənməsi 1 % həddində inflyasiyaya gətirib çıxarır. Yəni ilin ilk yarısında inflyasiyanın minimum 15 % olması kifayət qədər inandırıcı görünür.

Sanksiyaların ən sərt nəticələri özünü III rübdən başlayaraq göstərəcək. Rusiyanın “Ali İqtisadiyyat Məktəbi” Milli Tədqiqat Universitetinin İnkişaf Mərkəzinin proqnozuna əsasən, 2022-ci ilin nəticələrinə görə inflyasiya 20-30 % həddində olacaq. Hesabat dövründə ÜDM-in 8-19 % azalacağı gözlənilir. Artıq tətbiq olunan sanksiyaların qüvvədə olacağı və yenilərinin tətbiq olunmayacağı təqdirdə Rusiyanın milli valyutasının məzənnəsinin 110 rubl/1 dollar ətrafında olacağı gözlənilir. Bu, ən optimist ssenari kimi görünür. Lakin müharibənin uzanacağı və Ukrayna üçün daha dağıdıcı fazaya girəcəyi təqdirdə yeni sanksiyaların o cümlədən istehlak mallarına qarşı tətbiq olunacağı istisna edilmir. Rusiya Bankının qızıl-valyuta ehtiyatlarının əhəmiyyətli hissəsinin dondurulması onun pul-kredit siyasətinin manevr imkanlarını əhəmiyyətli dərəcədə məhdudlaşdırır, valyuta bazarına aktiv şəkildə intervensiya etməyə imkan vermir. Ona görə sonuncu ssenarinin reallaşması rublun dəyərsizləşmə prosesini əhəmiyyətli dərəcədə sürətləndirəcək.

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir