Qarabağdakı vəziyyət: Azərbaycan aktiv tədbirləri davam etdirir, ermənilərin canına vəlvələ düşür – TƏHLİL

Siyasət

Fevral ayının sonlarından etibarən Azərbaycan özünün Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazilərində erməni separatçılara qarşı fəaliyyətin yeni mərhələsini başlatdı.

Proses bu gün də davam edir, indi ermənilərin düşdüyü vəziyyətin forma və məzmunundakı narahat notların yaratdığı qışqırıq səsləri Ermənistanda da həyəcanlı anlar yaşadır.

Azərbaycan ordusunun istər Ermənistanla sərhədin hansısa istiqamətində yerdəyişməsi, istərsə də sülhməramlılar olan ərazilərdəki mövqe dəyişiklikləri mülki ermənilərin də şüuruna və canına vəlvələ salır.

Mart ayı ərzində ən çox gərginlik Xocalı-Ağdam istiqamətində yaşanıb: Azərbaycan ordusunun qanunsuz erməni silahlı dəstələrinin sığındığı mövqelərə dəqiq zərbələrindən sonra mülki əhali yaşadıqları yerləri tərk etməyə başlayıb.

Azərbaycanın səsgücləndiricilər vasitəsilə xəbərdarlıqlarının ardınca canına birə düşən erməni silahlılarının təxribatı da onlara baha başa gəldi, ordumuz dəqiq zərbələrlə onların güvəndiyi dağları darmadağın etdi.

Dağ sözünü əbəs yerə işlətmədik, hazırda yayılan məlumatlarda Azərbaycan ordusunun Xocalı ərazisindəki Pirlər kəndində mühüm strateji yüksəkliyə çıxışının təmin olunduğu bildirilir.

Erməni separatçılar çək-çevir edib bunu pərdələməyə cəhdlər etsələr də, hərbi mənada hər hansı izah vermək qabiliyyətindən məhrumdurlar, çünki, hərbi platformada bu, erməni silahlılarının mövqelərini Azərbaycan bölmələrinin ovucunun içinə gətirir.

Azərbaycan Müdafiə Nazirliyi isə az danışır, amma nəticələrin saz olduğuna dair qənaətlər güclənir. “Səssiz müharibə” ilə dolğun nəticələr istiqamətində…

Müdafiə Nazirliyinin ermənilərin başına yağdırdığı mərmilərin səsini biz bu rəsmi informasiyada axtara bilərik: Qanunsuz erməni silahlılarının mövqelərinə dəqiq zərbələr endirilib.

Azərbaycan 10 noyabr bəyanatından sonra anti-terror əməliyyatları təlimlərini gücləndirməklə yanaşı diplomatik-siyasi həmlələr və psixoloji amillərdən istifadə edərək sülhməramlıların arxasında gizlənən ermənilərə xəbərdarlıq edib.

10 noyabr bəyanatından sonra ilk dəfə, bu ilin martında Qarabağda insidentlərin miqyasının genişlənməsi isə Azərbaycanın təxribatlar qarşısında səbrinin daşdığını göstərir.

Bununla ermənilər gördü ki, Azərbaycanın passiv yox, aktiv tədbirləri daim gündəlikdə saxlayır, bundan sonra separatçıların etdiyi hər hansı təxribatın cavabı daha ağır olacaq.

Ermənistan da məsuliyyətdən yaxasını kənara çəkən və iki stulda oturan siyasətindən kənar durub 10 noyabr bəyanatının 4-cü bəndinin icrası üçün çalışmalıdır.

Əks halda, Ermənistan özü də legitim hədəfə çevriləcək, çünki Azərbaycan ərazilərindəki istənilən təxribata qida verən dövlət özünü hədəfə gətirir. Bu cümlələri oxuyan Ermənistan vətəndaşları qorxmasınlar, yəni biz hərbi-legitim hədəfdən yox, siyasi hədəfdən danışırıq.

Ancaq Ermənistanın özünün də siyasət poliqonunda diplomatik güllələrin nişangahı olması elə sadə ermənilər üçün də ağır nəticələr deməkdir.

Aqşin Kərimov

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir