Qar və çovğun səbəbindən İsmayıllı yolu bağlanıb – FOTO

Cəmiyyət

Ötən gecədən başlayaraq yağan güclü qar səbəbindən Muğanlı-İsmayıllı-Qəbələ avtomobil yolunun Basqal kəndi ərazisindən keçən hissəsində nəqliyyatın hərəkəti dayanıb.

102info.az-nın xəbərinə görə, hazırda bu yolda qarın hündürlüyü 5-10 santimetr təşkil edir, çovğun və buzlaşma nəticəsində 200-dən çox minik avtomobili, sərnişin avtobusları, yük maşınları yolda qalıb.

Hazırda DYP əməkdaşları sürücülərə İsmayıllı yolunda hərəkətin çətin olduğunu bildirirlər. Avtomobillər Şamaxının Muğanlı dairəsindən və İsmayıllı şəhərindən geri qayıdaraq alternativ yola üz tuturlar. Hazırda ərazidə qar yağır, yolun təmizlənməsi işi ləngiyir. Bundan əlavə, güclü külək dağlardakı qarı avtomobil yoluna gətirib, hərəkət hissəsini tamamilə örtüb, avtomobillərin hərəkəti dayanıb. Bir çox avtomobillər yoldan çıxaraq kənarda hərəkətsiz vəziyyətdə qalıb.

Ağır texnikaların köməyi və əl əməyi ilə kənarda qalmış avtomobillərin işə salınması üçün işlər görülür. Əraziyə yol istismar idarəsinin texnikaları və canlı qüvvəsi cəlb edilib, yola duz və qum səpilir.

Bundan başqa, İsmayıllı, Ağsu və Şamaxı ərazisinə yağan qar səbəbindən Ağsu aşırımında, Muğanlı-İsmayıllı dolaylarında, Lahıc-Dəmirçi-Pirqulu yolunda avtomobillərin hərəkəti çətinləşib. Hazırda çox az sayda minik avtomobili bu yollarda hərəkət edə bilir. Bir neçə avtomobil sürüşərək yoldan kənara çıxıb. Hazırda yolların buzdan təmizlənməsi və nəqliyyat vasitələrinin intensiv hərəkəti üçün işlər görülür. Bu yolların axşam saatlarında tamamilə buz bağlayacağı və gecəboyu, səhərədək avtomobillərin hərəkəti üçün çox təhlükəli olacağı gözlənilir. Sürücülərə alternativ olaraq Bakı-Qazax, Kürdəmir-Ağsu, Ucar-Göyçay, Ağdaş-Qəbələ yollarından istifadə etmək məsləhət görülür.

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir