Putin nəyi düz, Bayden nəyi yalan deyir?

Dünya

Qan Turalı yazır…

“Müharibədə həqiqət hamıdan qabaq ölür”- aforizminin  müəllifi naməlum olsa da, da mənzili məlumdur. Və bu həqiqət milyon dəfələrlə təsdiqlənib.  Ancaq həqiqət ölsə belə, yox olmur. Manipulyasiyalardan asılı olmayaraq həqiqət birdir. Əsl gerçək həmişə  hadisələri soyuq başla, heç bir kənar müdaxilə və yönləndirmə olmadan araşdırdırdıqda üzə çıxır. 

Son bir ayda dünya mediasının müzakirə etdiyi iki mövzu gündəmdədir:  

1. NATO ilə Rusiya arasında Şərqə doğru genişlənməmək müqaviləsi varmı?

2. NATO ya da ABŞ-ın müharibəyə qoşulmaq üçün hüquqi əsası varmı? 

 Birinci iddiadan başlayaq;  NATO, 1949-ci ildə ABŞ liderliyində 12 ölkənin Sovet təhlükəsinə qarşı qurduğu hərbi ittifaqdır. SSRİ  buna cavab olaraq 1955-ci ildə Şərqi Avropanın kommunist ölkələrini “Varşava paktı”nda topladı. Kommunizim süqutundan sonra NATO faktiki olaraq funksiyasız bir quruma çevrilsə də, ləğv edilmədi. Hətta “Varşava paktı”nın üzvləri hesabına NATO sərhədləri genişləndirildi.  Belə ki, 1999-cu ildə Çexiya, Polşa, Macarıstan NATO üzvlüyünə qəbul edildi. 2004-cü ildə NATO keçmiş Sovet respublikaları olan Latviya, Litva, Estoniya daxil olmaqla daha yeddi ölkəni sazişə daxil etdi. Estoniya Rusiya ilə sərhəd idi və Rusiyanın ikinci böyük şəhəri olan  Sankt-Peterburq bu sərhəddən 150 kilometr aralı yerləşirdi. NATO-nun genişlənməsi 2020-ci ilə qədər davam etdi və bu müddət ərzində daha beş ölkə sazişə qoşuldu.

Ancaq Rusiya Almaniyanın birləşdiyi ərəfədə və ondan sonrakı dövrlərdə də dəfələrlə NATO rəhbərləri və üzv ölkə liderlərinin Rusiyaya NATO-nun Şərqə doğru genişlənməyəcəyi barədə zəmanət verdiyini bildirir və NATO-nu sözünə sadiq qalmamaqda günahlandırırdı. SSRİ-nin ilk prezidenti Qorbaçov da Almaniya birləşdikdən sonra NATO sərhədlərinin Almaniya ilə məhdudlaşacağını bildirmişdi. Almaniyanın “Şpigel” jurnalı mətbuata qapalı keçirilən görüşlərin stenoqramını dərc edərək Rusiya prezidenti Boris Yeltsinə NATO liderləri tərəfindən zəmanət verildiyini üzə çıxardı.

Bu baxımdan Putinin iddiası doğru olsa da,  bu barədə heç bir yazılı razılaşma, hansısa bir sənəd yoxdur. 

“Centlmen sazişi”ni NATO sözünə əməl etməmişdi.  Rusiyanın son aylarda NATO-dan Şərqə doğru genişlənmənin dayanacağı ilə bağlı yazılı zəmanət istəməsinin səbəbi də məhz budur. 

Ancaq bəzən yazılı zəmanətlər də bir işə yaramır. Bu barədə bir az sonra… 

NATO və ABŞ Ukrayna üçün müharibəyə girə bilərdilərmi? NATO müqaviləsinin məşhur V bəndi ittifaq üzvlərindən birinə olan hücumun bütün NATO müttəfiqlərinə hücum  kimi  qəbul olunacağını və ittifaq ölkələrin  hücum edən  ölkəyə hərbi güc tətbiqini müəyyən edir. 

Ukrayna  NATO üzvü olmadığı üçün V bənd ona aid deyil. Ancaq Ukraynanın əlində ABŞ, İngiltərənin hərbi müdaxiləsini şərtləndirən mühüm bir sənəd var. Söhbət Budapeşt sazişindən gedir. Belə ki, SSRİ-nin süqutundan sonra üç ittifaq respublikasında nüvə silahı qalmışdı. Bu ölkələr Belarus, Qazaxıstan, Ukrayna idi. Ukrayna bu siyahıda xüsusi əhəmiyyət daşıyırdı. Çünki nüvə həcminə görə ABŞ və Rusiyadan sonra üçüncü yerdə məhz o idi. Ukraynada 5000-dən çox nüvə başlığı vardı ki, bu İngiltərə və Fransanın nüvə ehtiyatının cəmini də üstələyirdi. Bundan əlavə, Ukraynanın balansında nüvə başlığı daşıyabilən 170 qitələrarası ballistik raket və bombardman təyyarələri də  vardı. 

ABŞ başda olmaqla dünya bu silahların varlığından narahat idi. Çünki qeyri-stabil olan bu ölkələrdə sabah hakimiyyətə kimin gələcəyi məlum deyildi. Bu ölkələr dilə tutuldu, onlara təzyiq göstərildi, şirnikləndirildi və sonda Budapeşt müqaviləsi imzalandı. Danışıqlar nə asan başa gəldi, nə də ucuz. ABŞ Ukraynaya hərbi yardım kimi 500 milyon  dollar ödədi. 1994-cü ilin 5 dekabrında ATƏT konfransında hər üç postsovet ölkəsi və ABŞ, Rusiya, Böyük Britaniya arasında nüvə silahının ləğv edilməsi müqabilində bu ölkələrə təhlükəsizlik zəmanəti verən müqavilə imzalandı. Çin və Fransa daha zəif təminatlar verməklə müqavilələrə qoşuldular.  

Müqaviləyə əsasən,  Ukrayna nüvə arsenalını müqaviləyə uyğun şəkildə Rusiyaya köçürdü və orada zərərsizləşdirildi. Ballistik raketlər və bombardman təyyarələri də məhv edildi. 

Müqavilənin II bəndi ilə ABŞ, Böyük Britaniya, Rusiya Ukraynanın ərazi bütövlüyünə, suverenliyi və təhlükəsizliyinə qarşı hərbi  güc tətbiq etməmək öhdəliyi götürürdü. 

BİR CÜMLƏLİK HAŞİYƏ: Ancaq Rusiya Federasiyası Krımı və Donbası işğal etdi. 

Müqavilənin IV  maddəsinə görə Ukrayna hərbi təcavüzə ya da nüvə hücumuna məruz qaldığı halda ABŞ, Rusiya və Böyük Britaniya BMT Təhlükəsizlik Şurasını hərəkətə keçirərək Ukraynaya yardım göstərmək öhdəliyi götürür. 

ABŞ isə bu maddədə qeyd edilən yardımın hərbi yardımı nəzərdə tutmadığını bildirir. Hərçənd hərbi təcavüzə məruz qalan ölkənin qənaətcil suvarma texnikasına ehtiyacının olmadığı Corc Buşun belə auditoriyanın köməyi olmadan başa düşə biləcəyi qədər sadə bir həqiqətdir. 

BİR CÜMLƏLİK HAŞİYƏ: Söhbət BMT-nin işğalçı elan etdiyi ABŞ və İngiltərədən (İraq müharibəsinə görə) gedir. 

Müqavilə ilə bağlı linqvistik bir mübahisə də var. Belə ki, üç dildə (ingilis, rus və Ukrayna) tərtib edilən müqavilənin ingilis variantı belə adlanır: “Budapest Memorandum on Security Assurances”. Yəni Budapeşt Təhlükəsizlik Təminatı Memorandumu. İngilis dilində “guarantee” (qarantiya)  “assurance”  (təminat) sözlərinin məna çalarlarında müəyyən fərqlər var. Belə ki,   “guarantee” hüquqi məcburiyyət yaradır, “assurance” isə yox. Rus və Ukrayna dilində bu sözlərin fərqli məna çalarları yoxdur, başqa sözlə desək  “assurance”  sözü ancaq “гарантия” mənası verir. Buna görə də “assurance” sözü “гарантия” kimi tərcümə edilsə də ingilis variantı – “assurance”  sözünün əsas götürüləcəyi razılaşdırılmışdır. Yəni, hüquqi məcburiyyət doğurmayan ifadə… 

Həm Rusiya, həm də ABŞ müqavilənin hüquqi məcburiyyət doğurmadığını bildirir. Amerikalı professor Stefen Makfarlayn isə bu səmərəsiz müzakirəni rasional şəkildə yekunlaşdırır: “Ukrayna bu müqaviləyə əsaslanıb ABŞ-dan hərbi yardım tələb edə bilməz, ancaq ABŞ bu memoranduma əsaslanaraq müharibəyə daxil ola bilər”.

Bütün bu linqvistik-yuridik mübahisələri kənara qoyaraq sadə bir sual verək: “Ukrayna nüvə silahına sahib olsaydı, Rusiya ona hücum edə bilərdimi?”.  Bu suala kim “Hə” cavabını verə bilər?! Ukrayna ABŞ diplomatiyası və təzyiqləri ilə nüvə arsenalını öz əli ilə məhv edərək təhlükəsizlik təminatı aldı. Ancaq həmin təhlükəsizlik təminatı işləmir. Hər şey bu qədər sadədir… 

NATO-nun Rusiyaya verdiyi şifahi sözlər yerinə yetirilmədiyi üçün Rusiya yazılı zəmanət istəyirdi…
Ukraynanın yazılı zəmanəti isə bir işə yaramadı. 

Deməli, Bulqakov səhv edirdi. 

Bəzən əlyazmalar da yanır… 

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir