Özbəkistan Prezidenti Daşkənddəki Novruz şənliyində Azərbaycan guşəsini ziyarət edib – FOTO

Cəmiyyət

Özbəkistanın paytaxtı Daşkənddə keçirilən təntənəli Novruz şənliyinə qatılan diasporumuzun Azərbaycan guşəsi böyük marağa səbəb olub.  

Bu barədə Diasporla İş Üzrə Dövlət Komitəsi məlumat yayıb.

Daşkənddəki “Humo Arena” idman kompleksinin ərazisində baş tutan sərgidə Özbəkistandakı milli mədəniyyət mərkəzləri, o cümlədən Daşkənddəki Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzi (RAMMM) və Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi iştirak ediblər.

Üçrəngli bayrağımızın dalğalandırıldığı Azərbaycan guşəsində ölkəmizin qədim tarixi və zəngin mədəniyyəti barədə özbək dilində çap olunan nəşrlər, ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətini, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin iqtisadi inkişafını əks etdirən kitablar, suvenirlər, Novruzun rəmzləri olan şəkərbura, paxlava, qoğal və digər təamlar nümayiş etdirilib. 

Sərgi ilə tanış olan Özbəkistan Prezidenti Şavkat Mirziyoyevi Azərbaycan guşəsində RAMMM-nin sədri Firdovsi Hüseynov qarşılayıb. Prezident sərgidə təqdim edilən kitablar və suvenirlərlə maraqlanıb, guşəni yüksək qiymətləndirdiyini söyləyib.

Saz ustası İlham Abdullayev və Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin nəzdində Kövkəb Əliyeva adına “Azərbaycan qızları” rəqs ansamblının üzvləri Özbəkistan Prezidentini qədim el havaları və milli rəqslərimizlə salamlayıblar.

Qeyd edək ki, Firdovsi Hüseynov və İlham Abdullayev diaspor qarşısındakı xidmətlərinə görə ötən il Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin fərmanı ilə “Dostluq” ordeni ilə təltif olunublar.

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir