Novruz Azərbaycan xalqının zəngin maddi və mənəvi dəyərlərinin mühüm bir hissəsini ehtiva edən mədəniyyət hadisəsidir

Bölgə

Azərbaycan xalqı Novruzu tarixən, hətta ayrı-ayrı dövrlərdə ortaya çıxmış məhdudiyyətlərə rəğmən, milli coşqu ilə qeyd edib. Ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra bu coşqunun miqyası daha da genişləndi, 1992-ci il 27 oktyabr tarixli “Azərbaycan Respublikasının bayramları haqqında” Qanunla Novruz dövlət bayramı kimi təsbit edildi.


Novruz şənliklərində ölkə rəhbərliyinin şəxsən iştirak etməsi bayram təntənələrinə əlavə rəng qatmaqla yanaşı, eyni zamanda, hakimiyyət-cəmiyyət münasibətlərinə müsbət təsir edir, tarixi irs və ənənələrin ümumxalq atmosferində, milli bərabərlik içində yaşadığını göstərir. Azərbaycanda Novruz günlərində bu cür ümumxalq bayramlaşmasının ənənəsini böyük öndər Heydər Əliyev qoyub. O, Novruz təbriklərində bu bayramın milli-mənəvi dəyərlərin təcəssümü kimi önəmini xüsusi qeyd edərdi: “Xalqımızın saysız-hesabsız milli-mənəvi dəyərləri var və biz bunlarla tarix boyu fəxr etmişik. Amma bütün bu adət-ənənələrin, milli-mənəvi dəyərlərin içərisində ən yüksəkdə duranı Novruz bayramıdır. Bu bayram bizim adət-ənənələrimizi əsrlər boyu yaşadıb bu günlərə gətirdiyi kimi, bu gün də bizi birləşdirir, daha da həmrəy edir».


Bu nəcib ənənə indi də davam edir. Novruz bayramını hər il ailə üzvləri ilə birlikdə xalqla bir arada qeyd edən prezident İlham Əliyev öz çıxışlarında tarixi irs və çağdaşlığın, milli ruh və bəşəri dəyərlərinin üzvi sintezinin zəruriliyini daima vurğulayır: «Müasirlik, yenilik və eyni zamanda, milli dəyərlərə, milli köklərə bağlılıq. Bugünkü Azərbaycanı təsvir edən bu ideya artıq hamıya bəllidir. Azərbaycan xalqı daim öz milli köklərinə bağlı xalq olmuşdur və bizim gələcək uğurlarımız da məhz bu amillərlə bağlıdır. Biz tarixi irsimizin, zəngin mədəni irsimizin əsasında müasir, güclü Azərbaycan qururuq».


 Bolluğun, bərəkətin və xeyirxahlığın təcəssümü olan Novruz bayramı artıq UNESCO tərəfindən beynəlxalq səviyyədə də qeyd olunur. Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın səyləri nəticəsində xalqımızın bu əziz el bayramı artıq UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilmişdir. 2010-cu il fevralın 23-də isə BMT Baş Məclisi 21 mart tarixini Beynəlxalq Novruz Günü elan etmişdir. Bu qərarı əslində dünyanın bir çox ölkələrində, xüsusilə də türk coğrafiyasında yaşayan xalqların dünya sivilizasiyasına verdiyi mədəni töhfə kimi qiymətləndirmək olar. Novruz bayramı bütün dünyada 300 milyondan artıq insan tərəfindən yeni ilin başlanğıcı kimi qəbul olunur.


Novruz eyni zamanda, tam güclü mənalarla, yeni bir oyanışa, sülhə, dostluğa, birlik və birliyə aparılan bir çağırışdır. Sevgi dolu nur dolu novruz qarşılayaq, Novruz bayramınız mübarək!


Siyəzən Rayon Mərkəzi Kitabxanasının şöbə müdiri Ramilə Seyidova

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir