Müttəfiqlərin növbəti məsləhətləşməsi: Mühüm məsələlər müzakirə edildi – TƏHLİL

Siyasət

Türkiyə və Azərbaycan prezidentlərinin görüşündə  ikitərəfli münasibətlərin inkişaf etdirilməsi imkanları ayrıca müzakirə predmeti olub. Zəngəzur dəhlizinin açılmasının əhəmiyyəti vurğulanıb, Azərbaycan-Ermənistan münasibətləri ətrafında da müzakirələr aparılıb.

Mövzu ilə bağlı Kaspi qəzetinin məqaləsini təqdim edirik.

Martın 10-da Türkiyəyə işgüzar səfəri çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev həmkarı Rəcəb Tayyib Ərdoğanla görüşüb. Görüşdə Şuşa Bəyannaməsinin imzalanması və bu sənədin hər iki ölkənin parlamentində təsdiqlənməsi ilə Azərbaycan-Türkiyə qardaşlıq və dostluq münasibətlərinin müttəfiqlik əsasında daha da inkişaf etdiyi vurğulanıb. Postmünaqişə dövründə Azərbaycanla Ermənistan arasında əlaqələrin normallaşdırılmasının perspektivləri ətrafında fikir mübadiləsi aparılıb. Həmçinin Zəngəzur dəhlizinin açılmasının, onun region üçün yaratdığı perspektivin, bu xüsusda Qars-Naxçıvan dəmir yolu xəttinin çəkilməsinin əhəmiyyəti qeyd olunub. Söhbət zamanı 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatda təsbit olunmuş bütün müddəaların Ermənistan tərəfindən icrasının vacibliyi qeyd edilib, Türkiyə və Ermənistan nümayəndə heyətlərinin təmasları mövzusunda müzakirə aparılıb. Görüşdə Azərbaycan ilə Türkiyə arasında enerji sahəsində əməkdaşlığa toxunulub, bu xüsusda Cənub Qaz Dəhlizinin uğurla fəaliyyət göstərdiyi qeyd edilib. Bu dəhliz vasitəsilə qardaş ölkəyə və Türkiyə ərazisindən keçərək Avropaya qaz təchizatının artırılması imkanları müzakirə edilib, həmçinin İğdır-Naxçıvan qaz xəttinin çəkilməsi və bununla bağlı Azərbaycanın dövlət büdcəsində investisiyanın nəzərdə tutulduğu vurğulanıb. Söhbət əsnasında iqtisadi-ticarət əlaqələrinin daha da genişləndirilməsi barədə fikir mübadiləsi aparılıb. Hərbi, hərbi texniki, o cümlədən hərbi təlim və tədris sahələrində əməkdaşlığın uğurla davam etdirildiyi bildirilib, qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.

Mövzu ilə bağlı “Kaspi” qəzetinə açıqlamasında Milli Məclisin deputatı, siyasi elmlər doktoru Elşad Mirbəşiroğlu bildirdi ki, Antalya Diplomatiya Forumu dünya səviyyəsində cərəyan edən proseslərin müzakirəsi, təmasların qurulması və təşəbbüslərin irəli sürülməsi üçün son illərin ən effektiv platformalarından biridir:

“Artıq Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın təşəbbüsü ilə 3-cü ildir ki, Antalya şəhərində belə forum təşkil olunur və dünya miqyasında bu foruma diqqət olduqca böyükdür. Forumun iştirakçılarının sayı, təxminən 2500-ə bərabərdir. Hesab edirəm ki, bu, aktiv iştirakçı auditoriyasıdır. Nəzərə almaq lazımdır ki, forumda tanınmış ictimai-siyasi xadimlər, xarici işlər nazirləri, dövlət başçıları iştirak edirlər. Bu da təbii ki, həm dövlətlərarası münasibətlərin daha da inkişaf etdirilməsi üçün imkanlar yaradır, həm də gərgin münasibətlərin tənzimlənməsi üçün əlavə fürsət təqdim etmiş olur”.

Deputat vurğuladı ki, prezidentlərin müzakirə etdikləri məsələlər sırasında Şuşa Bəyannaməsini xüsusi qeyd etmək lazımdır:

“Prezident İlham Əliyev Azərbaycan-Türkiyə münasibətlərinin yüksək inkişaf səviyyəsinə toxunmaqla yanaşı, Şuşa Bəyannaməsinin imzalanması ilə bu müttəfiqlik münasibətlərinin artıq rəsmi xarakter aldığını da vurğulayıb. Cənab prezident bir sıra məsələlərlə bağlı mövqeyini bildirib. Azərbaycan-Türkiyə münasibətlərinin inkişaf etdirilməsi imkanları ayrıca müzakirə istiqaməti olub. Bu istiqamətdə Zəngəzur dəhlizinin açılmasının əhəmiyyəti vurğulanıb. Ümumiyyətlə, Azərbaycan-Ermənistan münasibətləri ətrafında da müzakirələr aparılıb və iki ölkə prezidenti bir daha Azərbaycanın regionda sülhün, təhlükəsizliyin təmin olunması, əməkdaşlığın qurulması, möhkəmləndirilməsi istiqamətində iradə nümayiş etdirdiyini, aydın mövqeyə malik olduğunu ifadə edib. Təbii ki, Ermənistanın da müəyyənləşmiş şərtlərə əməl etməsi vacibdir. Bu, bütövlükdə regionun sonrakı vəziyyətinə təsir göstərəcək. Onu da qeyd edim ki, Türkiyə-Ermənistan münasibətləri, hər iki ölkənin nümayəndələri arasında təmasların səviyyəsi haqqında da müzakirələr aparılıb”.

E.Mirbəşir hesab edir ki, Antalya Diplomatiya Forumunda Azərbaycan Prezidentinin iştirakı və indiki reallıqlar şəraitində ölkəmizin təsir imkanları dünya ictimaiyyətinin diqqət mərkəzindədir:

“Bildiyimiz kimi, bu forumu diqqət mərkəzinə gətirən başlıca amillərdən biri Rusiya ilə Ukrayna arasındakı gərginlikdir. Bu platformada bir çox məqamlara aydınlıq gətiriləcəyi gözlənilirdi. Düzdür, gözləntilər tam doğrulmadı və əslində də belə proqnozlaşdırılırdı. Çünki bundan öncə də Rusiya-Ukrayna danışıqları hər hansı bir nəticə vermədi. Təbii ki, indiki şərtlər daxilində nəticənin olacağı real görünmür. Bu məsələlər forumda geniş müzakirə olunurdu. Müvafiq olaraq Azərbaycan və Türkiyə prezidentləri arasında da Rusiya-Ukrayna gərginliyi müzakirə edildi. Hər iki ölkənin bu gərginliyin aradan qaldırılması istiqamətində real imkanlarının mövcudluğu vurğulandı. İndiki halda həm Azərbaycanın, həm də Türkiyənin Rusiya ilə səmimi dostluq münasibətləri var. Ayrıca olaraq Ukrayna ilə də konstruktiv münasibətlər formalaşdırılıb. Belə olan halda, təbii ki, Rusiya-Ukrayna münasibətlərinin normallaşmasında Azərbaycanın və Türkiyənin təsir imkanları mövcuddur. Hətta ola bilsin ki, Azərbaycan və Türkiyə ayrı-ayrılıqda yox, müttəfiq ölkələr kimi Rusiya-Ukrayna gərginliyinin aradan qaldırılmasına birgə səy göstərəcəklər. Hesab edirəm ki, bunun da real nəticələri ola bilər”.

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir