Mingəçevir su anbarını qurutmaq olar?

Cəmiyyət

“Bu gün dünyada iki təbii qlobal problem var – iqlim dəyişikliyi və su çatışmazlığıdır. Bu iki problem bir-birinə bağlıdır. Lakin iqlim birbaşa çayların axımına təsir göstərir. Bu problem təkcə Kür çayında deyil, dünya okeanlarında, nəhəng Volqa çayında, Cənubi Amerika çaylarında da müşahidə edilir”.

102info.az xəbər verir ki, bunu AzTV-nin efirində yayımlanan “Çıxışa doğru” proqramında Azərbaycan Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutunun Qurunun hidrologiyası və su ehtiyatları şöbəsinin müdiri, hidroloq alim Rza Mahmudov deyib.

O bildirib ki, su problemi Kür çayını qidalandıran kiçik çaylarda da var.

R.Mahmudov onu da əlavə edib ki, Mingəçevir su anbarı layihə həcminə görə son 20 il ərzində cəmi iki dəfə – 2004-cü və 2010-cu illərdə öz tam həcmini doldura bilib:

“Su axınının illik həcmi azaldığı üçün anbar dolmur. Bəzən deyirlər ki, suyunu açıb buraxsınlar. Bu, qeyri-mümkündür. Əgər Mingəçevir su anbarının su yığımın həcmi 16 kub kilometrə bərabərdirsə, illik onun işlək həcmi 9 kub kilometr olur. Bu halda aşağı rayonlara sözügedən həcmdə su buraxılanda heç bir problem yaranmır. Nəzərə alsaq ki, bundan Yuxarı Qarabağ kanalı təxminən 2,5 kub kilometr, Yuxarı Şirvan kanalı 1,5 kub kilometr su götürsə, aşağı 5,8 kub kilometr su gəlib çatır. Belə olan halda su qıtlığı olmur.

Lakin, azsulu illərdə Mingəçevir su anbarının su yığımı 6,7 kub kilometr olur. Bu zaman Yuxarı Qarabağ, Yuxarı Şirvan kanalının götürdüyü suyun həcmini çıxsaq, 2,8 kub kilometr qalır. Bu da su böhranı yaradır, amma bundan artıq su buraxıla bilməz. Su anbarının özünün işlək həcmini, faydalı həcmini qorumaq lazımdır, onu tam qurutmaq olmaz. Aşağı rayonlara 2,8 kub kilometr su buraxılması problem yaradır. Bu problemin yaranmaması üçün oradan 90-100 kubmetr/san su buraxılmalıdır”.

Könül Cəfərli

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir