Mariupolda 20 gün mühasirədə qalan azərbaycanlı: “İt ətini bişirib yeyirdilər ki, ölməsinlər” – MÜSAHİBƏ

Cəmiyyət

“20 günə yaxın Ukraynanın Mariupol şəhərində mühasirədə qaldıq. 100 nəfərin sənədini göndərdim səfirliyimizə amma bizə avtobus göndərə bilmədilər. Mariupolda ərzaq, su, işıq heç bir həyat işartısı qalmayıb, insanlar ölməsin deyə it əti yeyirdilər”.

102info.az-ın əməkdaşı Ukraynanın Mariupol şəhərində yaşayan, Azərbaycan diasporunun Mariupoldakı üzvü, könüllü nümayəndəsi Afaq Həmidova ilə həmsöhbət olub.

– Rusiya-Ukrayna arasında münasibətlər kəskin forma aldıqda ilkin vəziyyət necə idi?

– Mariupolda vəziyyət bir qədər sonra ağırlaşdı. Lakin hazırda ən qızğın müharibə məhz bizim yaşadığımız şəhərdə gedir. Göydən yağış kimi mərmilər, raket yağır. Yaşayış evləri, inzibati binalar, məktəblər, bağçalar, teatrlar hamısı darmadağın edilib. Orada sağ qala bilmək, təxliyə gözləmək çox çətindir.

– Hadisələrin başlandığı ərəfədə sizinlə bərabər nə qədər soydaşımız orada idi?

– Biz elə ilk gündən vəziyyətlə əlaqədar əlimizdən gələn yardımları edirdik. Mariupolda yaşayan azərbaycanlılar hamısı bir-birini yaxşı tanıyırdı. 4-5 ailə biz birlikdə təxliyə olunmağı gözləyirdik. Ümumiyyətlə isə mənə Mariupuldan çıxmaq istəyən 100-ə yaxın soydaşımız müraciət etmişdi. Mən onların sənədlərini bizim səfirliyə göndərmişdim. Lakin bizə heç bir məlumat, kömək göndərilmədi.

– Ətraf güllə, raket yağışına tutularkən necə xilas oldunuz?

– Biz dünən Mariupoldan 4 maşın, təxminən 20 nəfərdən ibarət 3 ailə çıxdıq. Mənim şəxsi maşınımla çıxmışam. 20 gün biz təxliyə üçün gözlədik. Elə ailələr var ki həyət evlərində qalırlar, onlar da gizlənmək üçün zirzəmiyə düşmüşdülər. Mən təhlükəni nəzərə alaraq özüm risk etdim və maşınımla çıxdım.

Bizə humanitar dəhliz verilmədi. Minalanmış yollarla Allah ümidində çıxdıq o dəhşətin içərisindən.

Mən səhər saat 9-da çıxdım. Bizdən Zaparojye şəhərinə 1 saatlıq yoldur, amma mən axşam saat 12-də gəlib çatdım. Dünən ayrı-ayrı vaxtlardan Mariupoldan 3 minə yaxın maşın çıxıb və ətrafdakı yaxın şəhərlərə gəlib. Artıq ətraf şəhərlərdə də vəziyyət qəlizləşir.

– Bildiyim qədər ilə mühasirəyə düşmüsünüz, o necə oldu?

– Bəli biz zirzəmidə olan zaman Mariupol artıq mühasirəyə alınmışdı. Əlaqə yarada bilmək üçün set yox idi. İşıqlar kəsildiyi üçün mobil telefonlarımızı enerji yığmağa qoya bilmirdik. Su, ərzaq tamamilə tükənmişdi. Kim haradadır, necədir bilmirdik. Bir-birimizlə əlaqə yarada bilmirdik. Mariupola 5-6 ədəd mikroavtobus lazımdır ki, orada qalan soydaşlarımızı çıxardaq. Mənim atam belə qaldı orada. 8 uşaqdan ibarət ailəni öz maşınımızla çıxardıq.

Mən xanım olaraq könüllüyəm maşın versinlər mən necə lazımdır, hansı yolla özüm çıxmışam onları da o yolla çıxardaram. Bizim nə qədər orada uşaqlarımız, qadınlarımız, tələbələrimiz var. Mən martın 2-nə qədər əlaqə saxlamışam. Lakin martın 2-dən şəhəri hər bir tərəfdən mühasirəyə aldılar və hər gün mühasirə zolağı daralır.

– Zirzəmidə qadın və uşaqlara çox kömək etmisiniz. Zəhmət olmasa bu barədə danışın. Nə qədər zirzəmidə qaldınız, hansı çətinliklərlə, təhlükə ilə qarşı-qarşıya qaldınız?

– Bizimlə orada olan ailələrin bir qismi çıxdı, bir qismi isə hələ də təxliyə gözləyir. Öz maşınlarımızla da çıxa bilmirdik. Binalar, məktəblər, bağçalar bombalanır. Şəhər darmadağın olur. Orada yemək belə yoxdur. Mağazalar da dağıdılıb. Bizdən iki bina kənarda qalan Ukrayna vətəndaşları itləri ocaqda qızardıb yeyirdilər ki, acından ölməsinlər. İnanın ki, mən ayın 2-dən hamıya məlumat verirəm amma reaksiya yoxdur. Səfirlik bizə avtobus vermir, minik maşını vermirlər ki gedək o cavan ailələri çıxaraq.

Pulları olmayan şəxsləri heç kim maşınlarına almır, çıxarmır. Banklar işləmir, heç cür pul da göndərmək olmur. Şəxsi maşınları olanlar əvvəl çıxa bilirdilər, amma indi çıxa bilmirlər. Çünki yanacaq yoxdur. Bizim ətrafımızı hər yerə “Qrad”lardan atəşə tuturdular. Zirzəmidən başımızı çıxarıb nəfəs ala bilmirdik. Təkcə martın 2-nə olan məlumata görə 3 minə yaxın dinc sakin həlak olub.   

– Sizinlə birlikdə olan soydaşlarımızdan ölən və yaralananlar oldumu?

– Xeyr, ölənlər olmadı. Belə şəhər sakinlərindən ölənlər olmuşdu, amma soydaşlarımızdan bizimlə birlikdə olanlardan ölənlər olmayıb. Məndə elə məlumat yoxdur. Mən “Qrad” başımıza yağa-yağa səhər saat 6-da durub zirzəmidən çıxırdım, iki dayanacaq sola və iki dayanacaq sağa gedə bilirdim. Lazım olacaq ərzaq tapıb zirzəmiyə gətirirdim ki, ac olan uşaqlar var.

Bizim soydaşlardan birinin orada kafesi var idi. Nə qədər ki işıq, su kəsilməmişdi biz orada könüllü olaraq yemək bişirib əsgərlərə yemək bişirirdik. Sonra oranı da vurdular. Kafenin sahibi çoxdan getmişdi, amma içəridə çalışan aşpazdan xəbər yoxdur, deyəsən yaralanıb.

– Hazırda haradasınız və təxliyə ilə bağlı məlumat verilibmi?

– Hazırda mən Dneprdəyəm. Xeyr, təxliyə ilə bağlı bizimlə heç kim əlaqə saxlamayıb. Mənim uşaqlarım imkan vermir ki, mən geri qayıdıb, atamı, o biri ailələri götürüm. Təsəvvür edin onlar mənim heç qohumum deyil, amma siz bizim birlikdə çəkdiyimiz dəhşəti təsəvvür edə bilməzsiniz. Bəzi soydaşlarımız var ki, Azərbaycana da gediblər.

– Soydaşlarımızdan Azərbaycana qayıdanlar oldumu yoxsa hansı sərhəd ölkələrə doğru getdiniz?

– Bizim yanımızda olanların hər birinin ailələrinə zəng edib məlumat vermişik. Bəziləri Azərbaycana gedib deyə eşitmişəm amma başqa heç kimdən məlumatımız yoxdur. Amma martın 2-dən bizimlə birlikdə olan Abbasovlar ailəsindən xəbərim yoxdur. Ümid edirəm ki, onlar da çıxa biliblər. Sadəcə olaraq biz bilmirik ki, onlar artıq çıxıblar yoxsa yox. Sonuncu dəfə onlar öz sənədlərini mənə atdılar və dedilər ki, gəlin çıxaq. Onlar da daxil olmaqla bizim səfirliyə ancaq 120 nəfərdən çox uşaqlı qadın və qızların sənədlərini atmışdım. Mən onlara ümid verdim ki, qorxmayın bizi çıxaracaqlar.

Sadəcə dünən gələn ailələr arasında mən Əbülfət dayıgilin adını eşitmədim. Onların yaşadığı rayon da daxil olmaqla Mariupol artıq darmadağın edilib. Şəhər artıq yiyəsiz bir əraziyə çevrilib. Kim hara gəldi, necə gəldi atəş açır. Mənim atam zirzəmidən çıxıb binanın 12-ci mərtəbəsinə qalxır ki bir set tutub əlaqə saxlaya bilsin. Orada vəziyyət çox təhlükəlidir. Mən binanın beşinci mərtəbəsində olanda görürdüm ki həyət evlərinə “Qrad”lar düşür, bombalar atılır.

– Hazırda mövcud vəziyyət necədir?

– Mövcud vəziyyət odur ki, atam da daxil olmaqla Mariupolda zirzəmidə köməksiz vəziyyətdə qalanlar var. Onlar təcili oradan çıxarılmalıdırlar. Aidiyyəti qurumlar bizim səsimizi eşitsinlər. Biz Dneprdəyik. Bura gələn insanları marketlərə, evlərə qəbul edirlər Ukrayna sakinləri. Gündə iki dəfə bizə yeməklə kömək edirlər. Körpə uşaqları, həkimə ehtiyacı olanları həkim müayinəsindən keçirirlər.

Bizə burda benzini də limitlə verirlər. Heç cür bütün yanacaq çənini doldurub getmək şansım da yoxdur. Atam da maşınla çıxa bilmir, çünki benzin yoxdur. Xahiş edirik təcili olaraq Mariupolda qalan soydaşlarımıza kömək göndərilsin, bir neçə maşınla oradakı ailələri ən azından bizim yanımıza qədər gətirmək olar.

Könül Cəfərli

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir