Kürün səviyyəsi ilə bağlı nazirlik rəsmisindən VACİB AÇIQLAMA

Cəmiyyət

“Mart ayının ikinci ongünlüyündə düşən intensiv yağışlar nəticəsində bölgələrdəki çaylarda sululuğun artması müşahidə edilir”.

Oxu.Az xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin rəis müavini Rafiq Verdiyev deyib.

O bildirib ki, intensiv yağışlar xüsusilə Kürün aşağı axarındakı çayların sululuğunun yüksəlməsinə və Kürdə suyun səviyyəsinin, sərfinin artmasına səbəb olub:

“Martın əvvəlində Kürdə su sərfi 30 kubmetr/saniyədən aşağı idisə, indi su sərfi 100 kubmetr/saniyədən yuxarıdır. Bu da çayda duzluluqla bağlı yaranan problemin xeyli azalmasına səbəb olub.

Martın birinci yarısında güclü külək və dənizdəki dalğalar səbəbindən duzlu suyun Kür boyu hərəkət edərək, Salyan şəhəri və ondan yuxarıda duzluluğun 0,6-0,7 qram litrdən yüksəlməsinə səbəb olub. Qeyd edilən yağıntılarla sululuğun artması bu prosesin azalmasına, Kür çayının sürətinin artması isə duzlu suların geri – dənizə doğru hərəkətinə səbəb olub. Bu da su təchizatında yaranan problemlərin aradan qaldırılmasına şərait yaradır”.

R.Verdiyev onu da əlavə edib ki, iyun, iyul, avqust aylarında çaylarda sululuğun azalması nəticəsində bu problem yenidən təkrarlana bilər:

“Sudan istifadə zamanı itkinin qarşısı alınmalıdır, daha qənaətli metodlara yer verilməlidir. Kür çayının aşağı axarında çaydan götürülən suyun miqdarı maksimum az olsun ki, bu kimi problemlər kəskinləşməsin”.

Könül Cəfərli

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir