Həkimdən HƏYƏCAN TƏBİLİ : “Siqaretin dadına baxan dörd insandan üçü onun alüdəçisinə çevrilir”

Cəmiyyət

“Siqaret hazırda satışda olan məhsullar içərisində öldürücülüyü məlum olan və bu halda belə satışına icazə verilən bəlkə də yeganə məhsuldur”.

102info.az xəbər verir ki, bunu AzTV-nin efirində yayımlanan “Çıxışa doğru” proqramında həkim-pulmonoloq Əsəd Beydullayev deyib.

O bildirib ki, gündəlik müraciət edən bir çox pasiyentlər var ki, yaranan xəstəliklərinin birbaşa səbəbi siqaretlə bağlıdır:

“Siqaretin çox qorxulu bir cəhəti var. Yaratdığı xəstəliklər təxminən 50-yaşdan sonra özünü büruzə verməyə başlayır. Ona görə də siqaret çəkən insanlar onun zərərini hiss etmir və özünü digər insanlardan daha gümrah hiss etdiyini deyir. Ancaq zaman gəlib çatanda, geriyə dönüş olmur. Bununla mübarizə aparan insanlar təəssüf ki, uduzur. Çünki siqaret kişilər, qadınlar, eləcə də uşaqlar arasında çox sürətlə yayılır. Təəssüf ki, hazırda uşaqlar və qadınlar arasında siqaret çəkənlərin sayının artdığı müşahidə edilir”.

Statistik rəqəmlərə əsasən 12-14 yaşlı uşaqların siqaret çəkməyə başladığını deyən həkim bunu ciddi təhlükə adlandırıb:

“Çünki orta hesabla siqaretin dadına baxan dörd insandan üçü onun alüdəçisinə çevrilir. Bu asılılıq isə bütün ömür boyu davam edir. Təbii ki, gələcəkdə yaşanacaq fəsadları düşünmürlər. Siqaret əksər hallarda psixi deyil, ciddi fiziki asılılıqdır. İnsan düşünür ki, istədiyi zaman siqareti ata bilər, lakin bu belə deyil.

Siqaretin tərkibində olan qatran və nikotin insan orqanizminə çox ciddi ziyan vurur. Təkcə qatranın içərində 4 mindən çox zərərli maddələr var ki, onun 81-i birbaşa konserogen təsirə malikdir və xəstəliklərin yaranmasına zəmin yaradır. Nikotin isə daha çox asılılıq yaradır”.

Könül Cəfərli

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir