Gürcüstanda rusiyameylli partiyanın tərəfdarları azərbaycanlı fəala hədə-qorxu gəlib

Dünya

Gürcüstanda ictimai fəal Samirə Bayramova rusiyameyilli “Mühafizəkar hərəkat” partiyasının tərəfdarlarının hədə-qorxusuna məruz qalıb.

“102info.az”un yerli bürosu xəbər verir ki, buna səbəb martın 14-də azərbaycanlı gənc xanımın partiyanın Marneuli şəhərində ofisinin açılmasına dinc etirazı olub.

S.Bayramova həmin gün ofis binasının fasadında boya ilə Ukrayna və Avropa İttifaqının bayraqlarının şəkillərini çəkib, “Rusiya işğalçıdır” sözlərini yazıb. Bu etirazdan sonra o, ötən gün partiyanın tərəfdarlarının zorakı hədələrinin hədəfinə çevrilib.

Gürcüstanın Tolerantlıq və Müxtəliflik İnstitutu (TDI) ictimai fəala dəstək və həmrəylik ifadə edib. QHT hökuməti S.Bayramovaya qarşı hər bir təhlükəni dərhal araşdırıb qarşısını almağa və partiya rəhbərlərini cinayət məsuliyyətinə cəlb etməyə çağırıb.

Qeyd edək ki, Rusiya-Ukrayna müharibəsinə görə Gürcüstan ictimaiyyəti “Mühafizəkar hərəkat” partiyasının fəaliyyətinə qarşı etiraz etməyə başlayıb. Etirazlar fonunda rusiyameyilli partiyanın Acarıstanda açılmış iki ofisi bağlanmağa məcbur olub.

“Mühafizəkar hərəkat” partiyası ötən ilin dekabrında dövlət qeydiyyatına alınıb. Siyasi təşkilatın təsisçisi “Alt-İnfo” onlayn media resursudur.

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir