28 Mart Azərbaycan təhlükəsizlik orqanlarının yaradılmasının 103-cü ildönümü və peşə bayramı münasibətilə Dövlət Təhlükəsizliyi Xidmətinin Gəncə şəhər idarəsində tədbir baş tutub. Tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Dövlət Təhlükəsizliyi Xidmətinin Gəncə şəhər idarəsinin rəisi Ramin Əliyev, YAP Gəncə şəhər təşkilatının sədri Ramil Orucov, hüquq mühafizə orqanlarının, habelə idarə, müəssisə və təşkilat rəhbərləri iştirak ediblər.
Əvvəlcə tədbir iştirakçıları ümummilli lider Heydər Əliyevin Gəncə şəhərinin baş meydanında ucaldılan abidəsinin önünə gül dəstələri düzüb, əziz xatirəsini dərin ehtiramla yad ediblər.
Tədbirdə çıxış edən Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Dövlət Təhlükəsizliyi Xidmətinin Gəncə şəhər idarəsinin rəisi Ramin Əliyev, Gəncə Şəhər Prokuroru Azad Qarayev və başqaları ömrünün 25 ilini təhlükəsizlik orqanlarına həsr edərək şərəfli xidmət yolu keçən Ulu Öndər Heydər Əliyevin bu orqanların fəaliyyətinə verdiyi əvəzolunmaz töhfələrindən söz açıblar. Qeyd olunub ki, Ümummilli Lider Azərbaycan xüsusi xidmət orqanlarının tarixində peşəkarlıq məktəbi yaratmış, sovet dövründə və müstəqillik illərində ölkəyə rəhbərliyi dövründə heç zaman bu orqanlardan diqqət və qayğısını əsirgəməmişdir.
Bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müdrik rəhbərliyi ilə yürüdülən uğurlu daxili və xarici siyasət nəticəsində Respublikamızda təhlükəsizlik etibarlı şəkildə qorunur, müəyyən xarici dairələr və düşmən qüvvələr tərəfindən ölkəmizə yönələn terror-təxribat və kəşfiyyat-pozuculuq fəaliyyətinin qarşısının vaxtında və çevik alınması üçün müvafiq tədbirlər davam etdirilir.
Dövlətimizin, xalqımızın təhlükəsizliyinin təmininin məsuliyyətli bir iş olduğunu vurğulayan tədbir iştirakçıları, bu işdə Azərbaycan təhlükəsizlik orqanları əməkdaşlarına uğurlar arzulayıblar.


www.102info.az
