Dünyada ilk dəfə yeni üsulla süni ürək cihazını hazırlayan azərbaycanlı həkimlə MÜSAHİBƏ + FOTO

Cəmiyyət

Bir neçə gün əvvəl Almaniyada azərbaycanlı həkimlərin I Forumu keçirilib. Almaniyada uzun illərdir həkim kimi çalışan və elmi nailiyyətlər qazanan 100-dən çox səhiyyə işçisi, eləcə də həkim-rezidentlər forumda bir araya gəliblər. 

Azərbaycanlı həkim Cavid Fətullayev ilk dəfə məhz bu forumda özünün kəşfi nəticəsində dünyada yeni üsulla hazırlanacaq süni ürək cihazını – aktiv miokardial dəstək cihazının modelini iştirakçılara təqdim edib.

Bildirilib ki, bu modellə əldə olunan ilkin nəticələr elm aləmində ürək cərrahiyyəsinin inkişafı deməkdir. 

Cavid Fətullayev Oxu.Az-ın suallarını cavablandırıb:

– Həkim, istərdik özünüz barədə məlumat verərdiniz. Neçə ildir Almaniyada yaşayırsınız?

– Mən 15 ildən artıqdır ki, Almaniyada yaşayıram. Köln Universitetində tibb təhsilimi bitirmişəm. Tələbə vaxtında elmi fəallığımla seçildiyimə görə məhz Köln Universiteti Klinikasında kardiocərrahiyyə klinikasında mənə həkim kimi fəaliyyətə başlamaq şansı verildi. Belə ki, orada işə başlayanlar arasında ən çox elmi tədqiqatlar müəllifi mən idim.

Bunun Almaniya tibbinə, o cümlədən Köln Universitet Klinikasının kardiocərrahiyyə klinikasına bələd olanlar özlüyündə bir uğur olduğunu təsdiqləyə bilərlər. Çünki Almaniyanın ürək cərrahiyyəsində bu mərkəzin özünəməxsus elmi-praktik yeri var. Hazırda karyeramda olan irəliləyişlərlə bağlı Bad Nauheim şəhərində fəaliyyətimi davam etdirirəm.

– Bu günlərdə forum keçirildi. İlk dəfə məhz bu forumda siz kəşfiniz nəticəsində dünyada yeni üsulla hazırlanacaq süni ürək cihazını – aktiv miokardial dəstək cihazının modelini iştirakçılara təqdim etdiniz. İstərdik bu barədə danışasınız. 

– Ürək çatışmazlığından əziyyət çəkən xəstələrin sayı il-ildən artmaqdadır. Bu xəstəliyin ağır mərhələlərində xəstələr üçün ən optimal müalicə isə ürək köçürülməsidir. Təəssüf ki, son illərin elmi statistikası göstərir ki, xəstələrin sayı artsa da, orqan donorlarının sayı dəyişmir.

Bu o deməkdir ki, ürək çatışmazlığından əziyyət çəkən xəstələrin ancaq az hissəsi transplantasiya əməliyyatı keçirir. Bu vəziyyət bizi alternativ müalicə axtarmağa vadar edir. 

Aktiv və ya dinamik miokardial dəstəyin əsas prinsipi ondan ibarətdir ki, xəstənin zəifləmiş ürəyinin qanı qovma funksiyası ürək döyüntüsü zamanı ürək əzələsinin kənardan sıxılaraq daha çox qan qovmağa məcbur etməsidir.

Bu, sanki əlinizə tennis topunu alaraq onu sıxıb buraxmağa bənzəyir ki, burada tennis topu yerində ürəyi, onu sıxan əlin yerinə isə aktiv və ya dinamik miokardial dəstək cihazını düşünə bilərsiniz.

– Süni ürək cihazı hansı yeniliklər gətirəcək?

– Burda ən önəmli, daha dəqiq desək, inqilabi yenilik ondan ibarətdir ki, bu cihaz işləyərkən qanla birbaşa təmasda olmur və buna görə də qanın laxtalanması və həmçinin bununla əlaqədar olaraq müxtəlif orqanlarda trombemboliyanın yaranma riski aradan qalxır.

Beləliklə, özlüyündə müxtəlif risklər daşıyan qandurulducu dərmanların verilməsinə də ehtiyac qalmır.

– Son illərdə ürək-damar xəstəliklərindən əziyyət çəkənlərin sayının artdığı bildirilir. Sizcə, belədirmi?

– Doğrudur, ümumilikdə ürək damar xəstəliklərindən əziyyət çəkənlərin sayı artmaqdadır. Hətta bir elm adamı kimi əlavə edə bilərəm ki, son elmi statistikalara görə, yaxın gələcəkdə Yer kürəsi əhalisinin hər beşindən biri ürək çatışmazlığından əziyyət çəkəcək.

– Həkim, müstəqil şəkildə etdiyiniz ilk əməliyyatı xatırlayırsınız?

– Etdiyim ilk əməliyyat aorta qapağının dəyişdirilməsi idi. Həyəcanımı sözlə ifadə edə bilmərəm. Baxmayaraq ki, asistent olaraq dəfələrlə bu əməliyyatlarda olmuşam, amma ilk dəfə özümün əməliyyatı icra etməyim çox fərqli bir hiss idi. Bir insanın sağlamlığına və həyatına, özü də Almaniya kimi bir yerdə cavabdeh olmağın məsuliyyətini o zaman bir daha anladım.

– Bir gündə neçə ürək əməliyyatı icra etmək mümkündür?

– Əməliyyatın müddəti xəstəliyin növündən və xəstənin durumundan asılıdır. Amma əksər hallarda bir şuntlama əməliyyatı təqribən 3-4 saat, tək qapaq əməliyyatı isə 3 saata qədər sürür.

– Sizcə, bir körpəni, yoxsa yaşlı bir insanı əməliyyat etmək çətindir?

– Ömrünün həyat eşqi ilə bol olan gənc yaşlarını ürək cərrahiyyəsinə həsr edən bir ürək cərrahı kimi deyə bilərəm ki, istər körpə, istər yaşlı insan olsun, əgər əsas məqsəd sağlamlığı qorumaq və ya bərpa etməkdirsə, məsuliyyət eynidir. Məhz bu cür yanaşma bizləri inkişafa aparan yolun əsasını təşkil edir.

Qeyd edək ki, Cavid Fətullayev tədbirdə çıxışına Füzulinin Gecəgözlü kəndinin Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən yayımlanan şəkli ilə başlayıb. O, 7 yaşında kəndi tərk edib. İndi bir arzusu da var, Füzulini yaxın zamanda görmək…

İlhamə Əbülfət

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir