DOST agentliyində brifinq – VİDEO

Cəmiyyət

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyi LRQA sertifikatlaşdırma təşkilatı tərəfindən 4 istiqamət üzrə İSO sertifikatlarına layiq görülüb. 

Agentlik ISO 9001:2015 (Keyfiyyət İdarəetmə Sistemi), İSO 10002:2018 (Müştəri məmnunluğunun təmin edilməsi və Şikayətlərin İdarəedilməsi), İSO 26000 (Sosial məsuliyyət) və İSO 37001:2016 (Korrupsiyaya qarşı idarəetmə sistemi) üzrə bütün mərhələləri uğurla keçib.

Bununla bağlı keçirilən tədbirdə çıxış edən DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov bildirib ki, ISO standartlarının tətbiqi DOST Agentliyi və DOST mərkəzlərinin işini daha da yaxşılaşdırmağa, xidmət keyfiyyətini yüksəltməyə imkan verəcək. DOST mərkəzlərinin fəaliyyəti ilə bağlı təqdimatla çıxış edən F.Məmmədov Agentlikdə indiyədək görülən işlər və gələcək layihələr barədə məlumat verib.

Tədbirdə Böyük Britaniyanın LRQA təşkilatının regional meneceri, Türkiyə və Şərqi Avropa təmsilçisi Burak Can qeyd edilən 4 istiqamət üzrə audit zamanı Agentliyin fəaliyyətində heç bir uyğunsuzluq aşkarlanmadığını və bu səbəbdən beynəlxalq sertifikatlara layiq görüldüyünü qeyd edib.

Beynəlxalq idarəetmə standartları sahəsində məsləhət xidməti olan “Bureau De Qualite” MMC-nin direktoru Asif İbrahimov müəssisə və təşkilatlarda ISO standartlarının tətbiqinin xidmət keyfiyyətinin yüksəldilməsi üçün vacib olduğunu bildirib.

Qeyd edilib ki, proseslərə hazırlıq və standartların tətbiq edilməsinə Agentliyin bütün işçi heyəti cəlb edilib. Bununla bağlı 49 nəfərdən ibarət işçi qrup yaradılıb və standartlar Agentlikdə İnteqrəedilmiş Menecment Sistemi (İMS) olaraq tətbiq edilməyə başlanıb. İMS-in tətbiqi zamanı ilkin olaraq Agentliyin mövcud vəziyyəti qiymətləndirilib, güclü və zəif tərəfləri təhlil edilib. Daha sonra Agentliyin bütün prosesləri İMS-in tələblərinə uyğunlaşdırılıb. 

Beynəlxalq standartların tətbiqi başa çatdıqdan sonra bu standartlara uyğunluğun qiymətləndirilməsi LRQA tərəfindən həyata keçirilib. 

Tədbirin sonunda B.Can F.Məmmədova 4 istiqamət üzrə ISO beynəlxalq sertifikatlarını təqdim edib. DOST Agentliyinə verilən sertifikatlar dünyanın ən tanınmış UKAS akkreditasiyasının möhürü ilə təsdiq olunub.

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir