Dizayner səs-küylü loqodan danışdı:“Bu loqonu tənqid edənlər dünya standartlarından xəbərsizdirlər” – FOTO

Cəmiyyət

Martın 18-də Bakı Gənclər Mərkəzində Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin yeni loqosunun təqdimatı olub.

Tədbirdə gənclər və idman naziri Fərid Qayıbov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov, Olimpiya və Paralimpiya çempionları, ölkəmizin idman ictimaiyyətinin nümayəndələri və fəal gənclər iştirak ediblər.

Təqdimat mərasimində çıxış edən nazir Fərid Qayıbov yeni loqonun 100-dək variant arasından seçildiyini vurğulayıb.

Yeni loqonu təqdim edən “Paradox” şirkətinin dizayn rəhbəri Şamil Ramazanov nazirliyin 20 ildir istifadə edilən əvvəlki loqosunun müasir dövrün tələblərinə uyğun olaraq yenilənməsinə ehtiyac duyulduğunu diqqətə çatdırıb.

Lakin loqo ictimaiyyət arasında heç də birmənalı qarşılanmayıb, hətta sosial şəbəkələrdə bu dəyişimi tənqid edənlər də olub. 

Dizayner Mirəhməd Musayev Demokrat.az -a açıqlamasında bildirdi ki, bu loqonu tənqid edənlər, əslində, bu sahədə hazırkı dünya standartlarından xəbərsizdirlər.  

“Dünyada brend olmuş bir çox məşhur şirkətlərin loqoları da öz sadəliyi ilə insanların yaddaşında həkk olunub. Loqoda nə qədər az elementdən, nə qədər az rəng çalarından istifadə olunarsa, bir o qədər yaddaqalan olar. Gənclər və İdman Nazirliyinin yeni loqosunda həm rəng seçimi uğurludur, həm də element baxımından sadə və dəqiqdir. Yaşıl İslamın rəngidir, eyni zamanda insan ruhunu sakitləşdirən rəngdir. Ümumilikdə, uğurlu işdir. Ciddi və sadə olması onun yaddaqalan olacağına indidən təminat verir. Məzmun və ideyanı sadə loqo ilə çatdıra bilmək özü uğurdur.” deyə dizayner Mirəhməd Musayev əlavə edib.  

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir