Azərbaycanın karate üzrə yeniyetmə, gənclər və böyüklərdən ibarət milli komandasının bir neçə üzvü 26-27 mart tarixlərində Slovakiyanın paytaxtı Bratislavada keçiriləcək 42-ci Qran-pri turnirinə yollanıb.
Oxu.Az xəbər verir ki, qadınların baş məşqçisi Denis Morozov və yeniyetmə və gənclərin baş məşqçisi Anar Allahverdiyevin rəhbərlik etdiyi heyətdə 11 idmançı var. Heyətə olimpiya mükafatçısı İrina Zaretskaya da daxildir.
14-15 yaşlı yeniyetmələrin yarışında Veronika Qaşnikova (-47 kq), 16-17 yaşlı qızlarda Aysu Əliyeva (-53 kq), 21 yaşadək qızlar arasında Xumar Əlibəyova, Ayla Rzazadə (hər ikisi -61 kq) mübarizə aparacaqlar.
Fidan Teymurova, İnci Əzizova (hər ikisi -50 kq), İlahə Qasımova, Mədinə Sadiqova (hər ikisi -55 kq), Ayla Rzazadə, Renata Ərəbli (hər ikisi -61 kq), İrina Zaretskaya (-68 kq) və Fəridə Əliyeva (+68 kq) isə qadınların çıxışlarına qatılacaqlar.
Qeyd edək ki, Ayla Rzazadə (-61 kq) həm 21 yaşadək, həm də böyüklər arasında yarışlara qatılacaq.
Beynəlxalq hakim Cahangir Babayev yarışları idarə edən referilər arasında olacaq. Mötəbər yarışda 30 ölkədən 1975 karateçi iştirak edəcək.
www.102info.az
