Azərbaycanın sülh üçün Ermənistana təklif etdiyi beş prinsip AÇIQLANDI

Siyasət

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Ermənistanın ATƏT-in Minsk Qrupunun həmsədrlərinə müraciəti ilə bağlı açıqlama yayıb.

Bu barədə Oxu.Az-a XİN-dən bildirilib.

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov sülh sazişi ilə bağlı Ermənistana 5 maddəlik təklif göndərdiyini demişdi. Rəsmi İrəvan isə danışıqların təşkil olunması üçün ATƏT-in Minsk qrupuna müraciət edib.

Azərbaycan XİN bəyan edib ki, İrəvana təklif edilən paketdə 5 baza prinsip əks olunub: 

– Dövlətlərin bir-birlərinin suverenliyi, ərazi bütövlüyü, beynəlxalq sərhədlərinin toxunulmazlığı və siyasi müstəqilliyini qarşılıqlı şəkildə tanıması;

– Dövlətlərin bir-birlərinə qarşı ərazi iddialarının olmamasının qarşılıqlı təsdiqi və gələcəkdə belə bir iddianın qaldırılmayacağına dair hüquqi öhdəliyin götürülməsi;

– Dövlətlərarası münasibətlərdə bir-birlərinin təhlükəsizliyinə hədə törətməkdən, siyasi müstəqillik və ərazi bütövlüyünə qarşı hədə və gücdən istifadə etməkdən, habelə BMT Nizamnaməsinin məqsədlərinə uyğun olmayan digər hallardan çəkinmək;

– Dövlət sərhədinin delimitasiyası və demarkasiyası, diplomatik münasibətlərin qurulması;

– Nəqliyyat və kommunikasiyaların açılışı, digər müvafiq kommunikasiyaların qurulması və qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlığın qurulması.

Rəsmi Bakı qeyd edir ki, iki dövlət məhz bu baza prinsipləri əsasında intensiv, substantiv və nəticəyə yönəlik danışıqlar apararaq ikitərəfli sülh sazişini yekunlaşdıra bilərlər.

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir