Azərbaycanın Belçika səfirliyi: “Erməni mətbuatına sızdırılan məktublarla bağlı araşdırma aparılıb” – MÜSAHİBƏ

Siyasət

Belçikanın “EU 102info.azer” saytının yazdığına görə, Avropa Parlamenti Azərbaycanın bu quruma ünvanladığı diplomatik məktublarını erməni diasporuna sızdırıb.

Azərbaycanın Belçikadakı səfiri Vaqif Sadıqov isə bu barədə bildirib: “İnanılmazdır, amma mümkündür. Avropa Parlamenti Azərbaycan səfirliyindən aldığı məktubları qəsdən necə erməni diasporuna sızdırıb? Maraqlıdır, bir çox həssas məsələlərlə bağlı AP-yə ünvanlanan digər məktublar da eyni şəkildə Avropa Parlamentində və ətrafında olan lobbiçi və təzyiq qruplarına ötürülübmü?”

102info.az mövzunun aktuallığını nəzərə alaraq Azərbaycanın Belçikadakı səfirliyinə müraciət edib.

Suallarımızı səfirliyin mətbuat katibi Ramil Tağıyev cavablandırıb.

– Avropa Parlamenti Qarabağda erməni irsinin guya məhv edilməsi ilə bağlı Azərbaycana qarşı qətnamə qəbul etdi. Bu, onun erməni lobbisinin çətirinin altına girdiyinin göstəricisidir, yoxsa sadəcə məlumatsızlıqdan doğan nəticə?

– Azərbaycanın Qarabağda qazandığı şanlı qələbədən sonra Avropa Parlamenti daxilində erməni lobbisi və onun dəstəklədiyi ermənipərəst çevrələr fəallaşıblar. Bütün aktual və maraq doğuran mövzularla bağlı Avropa Parlamentində lazımi səviyyədə məlumat axını mövcuddur. Lakin müstəqil xarici siyasət aparan ölkəmizə qarşı mövcud qərəz erməni lobbisinin təsiri ilə bir çox hallarda Avropa Parlamentində məsələlərə düzgün qiymət verilməməsinə gətirib çıxarır.

 Ancaq Azərbaycan tərəfinin ünvanladığı müraciətləri ictimailəşdirmək cəhdləri də müşahidə olunur – Avropa Parlamenti bunu niyə edir?

– Avropa Parlamentində erməni lobbisi ilə əməkdaşlıq edən dairələrin mövcudluğu sirr deyil. Təbii ki, onların Avropa Parlamenti daxilində istənilən təxribatı Azərbaycanla bu qurum arasında münasibətlərə xələl gətirməyə hesablanıb. Sözügedən insidentin araşdırılması üçün müvafiq müraciət edilib və məsələ aydınlaşdırıldığı halda qarşımızda daha detallı mənzərə canlanacaq.

– Bəs Avropa Parlamenti təzyiq qruplarına hər-hansı sənəd ötürübmü?

– Tərəfimizdən araşdırma aparılıb və erməni mətbuatına sızdırılan məktubların həqiqiliyi təsdiqlənib. Sözügedən məktublar Avropa Parlamentinin Xarici əlaqələr komitəsinin sədri Devid Makalisterə ünvanlanıb. Ancaq bu əməlin hansı mərhələdə və məhz kim tərəfindən edildiyi hazırda məlum deyil.

Azərbaycan səfirliyi bu kimi halların qarşısını almaq üçün hansı addımlar atır?

– Hər-hansı məlumatın və ya sənədin üçüncü tərəfə ötürülməsinin qarşısı təklikdə alına bilməz. Bununla bağlı qarşı tərəfin də məsuliyyət daşıdığı aydındır. Məsələnin müvafiq qaydada araşdırılması və onun nəticəsi barədə məlumatlandırılmağımızı qarşı tərəfdən xahiş etmişik. Hər halda, kimdən daxil olursa-olsun, istənilən beynəlxalq qurumda sənədlərin kənar tərəflərə ötürülməsi ciddi diqqət tələb edən məsələdir.

Avropa Parlamentini bir kənara qoyaq, Belçikanın özünün Azərbaycanın yaratdığı yeni reallığa münasibəti necədir?

– Bu il  Azərbaycan və Belçika arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi tamam olur. Ötən müddət ərzində ölkələrimiz arasında mövcud olan münasibətlər müxtəlif sahələrdə uğurla inkişaf edib. Münasibətlərin keyfiyyətcə yeni mərhələyə qədəm qoyması üçün kifayət qədər perspektivlər var. Ticarət dövriyyəsinin artırılması, qarşılıqlı investisiya əlaqələrinin genişləndirilməsi, turizm, kənd təsərrüfatı, elm və tədqiqat, humanitar və mədəni, tələbə mübadiləsi və s. sahələrdə əməkdaşlıq bizim üçün əhəmiyyət kəsb edir. Hesab edirəm ki, diplomatik əlaqələrimizin 30-cu ilində keçirməyi nəzərdə tutduğumuz bir sıra yüksək səviyyəli tədbirlər və qarşılıqlı səfərlər bu əlaqələrin daha da güclənməsinə töhfə verəcək.

Aqşin Kərimov

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir