Ümummilli lider Heydər Əliyev 31 mart – “Azərbaycanlıların Soyqırımı Günü” ilə əlaqədar deyib: “Xalqımıza qarşı törədilmiş soyqırımı haqqında həqiqətləri real faktlar, dəlillər əsasında dünya dövlətlərinə, nüfuzlu beynəlxalq təşkilatlara çatdırmaq, saxta erməni təbliğatı nəticəsində formalaşmış yalan təsəvvürləri dəyişdirmək, ona hüquqi-siyasi qiymət verdirmək nə qədər çətin olsa da, şərəfli və müqəddəs bir iş kimi bu gün də, gələcəkdə də davam etdirilməlidir. Bu, soyqırımı qurbanlarının xatirəsi qarşısında indiki nəslin müqəddəs borcudur”.
Azərbaycan xalqına, ümumiyyətlə türk dünyasına qarşı erməni daşnaklarının soyqırımı siyasəti 200 ilə yaxın bir dövrü əhatə edir. Tarix boyu təcavüzkar siyasət yeridən, qanlı əməllərindən dönməyən, “Dənizdən-dənizə böyük Ermənistan” yaratmaq xülyasından əl çəkməyən ermənilər zaman-zaman qanlı soyqırım hadisələri törədməklə xalqımızı, insan ləyaqətini alçaldan hərəkətlərlə müşayiət olunan soyqırıma və deportasiyaya məruz qoymuşlar. Bu dəhşətli, qanlı hadisələrdən biri 1918- ci ilin mart, aprel aylarında yaşanmış, öz vəhşiliyi ilə tarixin qanlı salnaməsinə çevrilmişdir.1918-ci ilin 30 mart – 3 aprel tarixlərində Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Qarabağ, Naxçıvan, Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Salyan, Zəngəzur və digər ərazilərdə daşnak erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı soyqırımı nəticəsində rəsmi mənbələrə əsasən on minlərlə soydaşımız etnik və dini mənsubiyyətinə görə qətlə yetirilib, yaşayış məntəqələri, tarixi abidələr, məscid və qəbiristanlıqlar viran edilib. Mart hadisələri zamanı yüzlərlə şəhərimiz və kəndimiz, Qarabağ ərazisində azərbaycanlıların yaşadıqları 150-dən çox kənd xarabalığa çevrilmiş, Şuşada görünməmiş qırğınlar törədilmişdir. 50 mindən çox soydaşımız, o cümlədən Bakıda 30 minə yaxın azərbaycanlı qətlə yetirilmiş, məscidlər, məktəblər yandırılmış və dağıdılmışdır. Təkcə Zəngəzurda 115, İrəvan quberniyasında isə 211 kənd xarabalığa çevrilmiş, əhalisi misli görünməmiş amansızlıqla qətlə yetirilmişdir.
Qədim Azərbaycan şəhəri Şamaxı da dəhşətli talan və vəhşiliklərə məruz qalmışdı. Şamaxının müsəlmanlar yaşayan hissəsinin hamısına od vurulmuşdur, 13 məhəllə məscidi və məşhur müqəddəs ocaq Cümə məscidi yandırılmışdır. Şamaxı qəzasının 53 kəndində ermənilər 8077 nəfər azərbaycanlını qətlə yetirmişdilər. Onlardan 4190 nəfəri kişi, 2560 nəfəri qadın və 1277 nəfəri uşaqlar olmuşdur. Şamaxıdan sonra daşnak dəstələri Quba qəzasında 122 kəndi yandırdılar. Yerli sakinlər isə min bir əzablarla qətlə yetirildilər. Erməni millətçiləri tərəfindən törədilən bu soyqırım zamanı Quba qəzasında 30 minə yaxın adam öldürülmüşdü.
Müəyyən edilmişdir ki, məzarlıqda azərbaycanlılarla bərabər Qubada yaşayan ləzgilər, yəhudilər, tatlar və digər etnik qrupların nümayəndələri amansızcasına qətlə yetirilərək basdırılmışdır.Tədqiqat işlərinin nəticəsi olaraq məzarlıqdan təxminən 400-dən artıq insan cəsədləri aşkar edilmişdir. Aşkar edilən insan cəsədlərinin əksəriyyəti uşaq və qadınlara aiddir. Onlardan 50-dən çoxu müxtəlif yaşlı uşaqlara, 100-dən çoxu qadınlara, qalanları isə əsasən yaşlı kişilərə aiddir. Arxiv sənədlərindən məlum olmuşdur ki, aprel-may ayları ərzində təkcə Quba qəzasında 36782 nəfər insan qətlə yetirilmişdir. 122 kənd tamamilə dağıdılmış, 380 ailə gecə yatdığı yerdə evlərinə od vurularaq kül edilmişdir. Quba şəhərində erməni cəlladları tərəfindən 259 ev yandırılmış, 1800-dən artıq körpə, 200-dən çox qoca və yaşlı qadın qətlə yetirilmişdir.
Azərbaycan xalqına qarşı törədilmiş bütün soyqırımı faciələrini yad etmək məqsədilə ümummilli lider Heydər Əliyevin 1998-ci il 26 mart tarixli “31 mart azərbaycanlıların soyqırımı haqqında” Fərmanı ilə 31 mart tarixi azərbaycanlıların soyqırımı günü elan edilib.Bu fərman ermənilərin törətdiyi soyqrım aktlarına siyasi-hüquqi qiymət verilməsi istiqamətində tədqiqatların aparılmasına, həqiqətin üzə cıxarılmasında göstərilən səylərin atrırılmasına təkan verdi. Bundan sonra həmin tarixin öyrənilməsi istiqamətində mühüm işlər görülmüş, çoxlu əsərlər yazılmış və əcnəbi dillərə tərcümə olunmuşdur. Son illər bu sahədə aparılmış araşdırmalar sayəsində çoxlu sayda yeni faktlar və sənədlər toplanılıb. Quba şəhərində tapılan kütləvi məzarlıq Azərbaycanlılara qarşı törədilən faciənin qanlı epizodlarından biridir.
Dövlət başçısı cənab İlham Əliyev 30 dekabr 2009-cu il tarixli “Quba şəhərində Soyqırımı Memorial Kompleksinin yaradılması haqqında” sərəncam vermiş və Quba Soyqırımı Memorial Kompleksinin 2013-cü il sentyabrın 18-də açılışı olmuşdur. Həmin mərasimdə çıxış edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev deyib: “Sovet dövründə təbii ki, tarix təhrif edildiyi üçün bu həqiqətlər bizdən gizlədilirdi. Uzun illər Azərbaycan xalqının qanını axıdan quldurlar, – Şaumyan və onun kimiləri bizə qəhrəmanlar kimi təqdim edilirdi. Hesab edirəm ki, bu, böyük faciədir. Çünki uzun illər xalqımıza qarşı amansızlıqla vəhşilik törədən ünsürlər sovet tarixində qəhrəman kimi təqdim edilirdi, onların şərəfinə abidələr ucaldılırdı. Yalnız müstəqillik dövründə biz həqiqi ədaləti bərpa etdik. Gözəl şəhərimizi, Bakımızı o abidələrdən təmizlədik və bu gün o yerlərdə gözəl parklar, o cümlədən Sahil parkı yaradılıbdır. Yəni, tarix, ədalət zəfər çaldı. Biz bu gün öz tariximizə qayıdırıq. Tarixin bütün məqamlarını bilirik, bilməliyik. Gənc nəsil də bilməlidir ki, xalqımız keçmişdə hansıfəlakətlərlə üz-üzə qalmışdır”.
2020-ci ilin sentyabr ayının 27-də başlanmış və cəmi 44 gün davam edən hərbi əməliyyatların nəticəsi olaraq, Azərbaycan 30 il davam edən işğala son qoydu və ərazi bütövlüyünü bərpa etdi. Qəhrəman ordumuz düşməni darmadağın edərək bütün şəhidlərimizin, 31 mart soyqırım qurbanlarının qisasını aldı. Dövlət başçımızın dediyi kimi, biz şəhidlərimizin qisasını düşməndən döyüş meydanında aldıq. Bundan sonra bütün xain qüvvələr, bütün düşmənlərimiz də biləcəklər ki, artıq Azərbaycan özünə qarşı istənilən aqressiyanı dərhal və qətiyyətlə dəf etmək iqtidarında olan qüdrətli bir dövlətdir.
Bir daha Soyqırım qurbanlarının əziz xatirəsini dərin hüzn və ehtiramla yad edirəm. Allah şəhidlərimizə rəhmət eləsin!
Malik Mustafayev
Kəlbəcər rayon 58 nömrəli tam orta məktəbin direktoru, Yeni Azərbaycan Partiyasının üzvü
www.102info.az
